Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin Məclis sədri Ruzi Bağırovun inzibati qaydada həbs edildiyi bildirilir.
AXCP-dən iyunun 13-də yayılan məlumata görə, o, İnzibat Xətalar Məcəlləsinin (İXM) 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib. Partiya onun şərləndiyini hesab edir, amma, hələlik, başqa detalları açıqlamır.
AXCP-nin bu açıqlamasına Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AXCP Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadə də 1 il 3 aydır ki, narkotik ittihamı ilə həbsdədir. Ötən ilin dekabrında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il 6 ay həbs cəzası kəsilmişdi. Bu ilin martında apellyasiya məhkəməsi onun cəzanı 3 il 6 aya endirib. O, da şərləndiyini deyir.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda ümumilikdə 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.