Müharibədə həlak olmuş daha 1245 hərbçinin meyiti Ukraynaya gətirilib. Bu barədə iyunun 16-da Ukraynanın Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Bildirilib ki, iyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında əldə olunmuş razılaşma çərçivəsində bazar ertəsi meyitlərin qaytarılmasının yekun mərhələsi baş tutub. Ümumilikdə, Ukrayna tərəfi 6057 hərbçinin meyitini qəbul edib. Koordinasiya Qərargahı bildirib ki, ən qısa müddətdə həlak olan hərbçilərin şəxsiyyəti müəyyən ediləcək.
İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezident müşaviri Vladimir Medinski bildirib ki, "Rusiya İstanbulda verdiyi vədləri yerinə yetirib". Onun sözlərinə görə, Ukraynaya 6060 zabit və əsgərin meyiti verilib, qarşılığında 78 rusiyalı hərbçinin meyiti qaytarılıb.
Keçən həftə tərəflər arasında hərbi əsirlərin mübadiləsi də baş tutub. Ümumilikdə artıq dörd dəfə belə mübadilə həyata keçirilib. Əsir mübadiləsi "1:1" nisbətində aparılır, lakin dəyişdirilənlərin dəqiq sayı hələ açıqlanmır. Əsir mübadiləsinin ən azı gələn həftənin sonuna qədər davam edəcəyi gözlənilir.